Şirin Təkəli
Şirin Təkəli (28 fevral 1944, Ankara – 13 iyun 2017, Bodrum, Muğla ili) — Türkiyədə ikinci dalğa qadın hərəkatı öncüllərindən olan qadın hüquqları müdafiəçisi, feminist yazıçı və aktivist.
O, qadınların siyasi qərar qəbuletmə proseslərində daha çox iştirak etmələri və onların siyasi qərar qəbuletmə mərkəzlərində daha çox yer almaları üçün mübarizə aparmış aktivistlərdən olub. Əsərləri ilə yanaşı, o, fransız və ingilis dillərindən etdiyi tərcümələri ilə də türk feminist ədəbiyyatına töhfələr verib.
Şirin Təkəli, 1944-cü ildə Ankarada anadan olub. O, iki fəlsəfə müəlliminin yeganə övladıdır. Anası Hayrünisa Köni İstanbul Universitetində fəlsəfə təhsili almış və 30 ildən çox orta məktəblərdə fəlsəfə müəllimi işləmişdir. Atası Yunus Kazım Köni dövrünün önəmli bürokratlarından biri olmaqla yanaşı, ibtidai təhsil üzrə Baş direktor vəzifəsində çalışmışdır.
Şirin Təkəli Ankara Qız Liseyində oxuyarkən, ədəbiyyat və fəlsəfə ilə yaxından maraqlanırdı. 1961-ci ildə orta məktəbi bitirdikdən sonra, Parisə gedir, orada fransız dilini öyrənərək, 1962-ci ildə hüquq təhsili almağa başlayır. Şəhərdəki aktiv siyasi mühit, terror və münaqişələr, təhsil aldığı sahədə istədiyini tapa bilməməsi səbəbindən Parisi tərk edən Təkəli, Lozanna Universitetində "Sosial və siyasi" elmlər üzrə təhsilini davam etdirir.